Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin növbəti iclasında iştirak edib

14-09-2026 48 dəfə oxunub
Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin növbəti iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının onlayn formatda keçirilmiş İdarə Heyətinin növbəti iclasında iştirak edib.

İclasda Assosiasiyanın fəaliyyəti, üzv Ombudsman təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də 2027-ci ildə keçirilməsi nəzərdə tutulan Assosiasiyanın Baş Assambleyasına və İdarə Heyətinin növbəti iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən Müvəkkil müasir dövrdə Ombudsman təsisatlarının ənənəvi insan hüquqları məsələləri ilə yanaşı, rəqəmsal transformasiya, süni intellekt, iqlim dəyişikliyi, habelə ayrı-seçkiliyin və həssaslığın yeni formaları ilə bağlı çağırışlarla üzləşdiyini bildirib. Bu baxımdan, Ombudsman təsisatları arasında praktiki əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Əliyeva Assosiasiya çərçivəsində üzv təsisatların şikayətlərə baxılması, preventiv monitorinq, həssas qrupların hüquqlarının müdafiəsi, Ombudsman xidmətlərinin rəqəmsallaşdırılması, insan hüquqları üzrə maarifləndirmə, bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması sahələrində əldə etdikləri yaxşı təcrübələrin sistemli mübadiləsinin gücləndirilməsini təklif edib.

Müvəkkil bu məqsədlə qısa tematik təcrübə mübadilələrinin, onlayn müzakirələrin və yaxşı təcrübələrə dair materialların hazırlanaraq üzv təsisatlarla paylaşılmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.

İclas çərçivəsində gündəlikdə nəzərdə tutulan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.