Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Konfransı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyi münasibətilə 19-20 oktyabr 2022-ci il tarixlərində “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransı keçirilib.

Beynəlxalq konfransa Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxısan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və təmsilçiləri, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ekspertlər qatılıblar.

Konfransın keçirilməsində əsas məqsəd biznes və insan hüquqları sahəsində mövcud tendensiyalar və çağırışlar barədə müzakirə aparılması, müsbət ölkə təcrübələrinin paylaşılması olub.

Konfrans bitdikdən sonra 21 oktyabr tarixində xarici qonaqların işğaldan azad edilmiş Ağdam rayonuna, habelə Vətən müharibəsində hücumlara məruz qalmış Tərtər rayonuna səfərləri təşkil olunub. Səfər çərçivəsində qonaqlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olublar.

 

19 oktyabr

Konfransdan öncə Ombudsman Səbinə Əliyeva və qonaqlar Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfransın açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Giriş nitqi ilə çıxış edən Azərbaycan Ombudsmanı Səbinə Əliyeva təsisat tərəfindən 20 illik fəaliyyət dövründə görülmüş işlər, insan hüquqlarının müdafiəsi sahəsində qarşıda dayanan vəzifələr, biznes və insan hüquqları sahəsində aktual problemlər barədə danışıb. Ombudsman həmçinin Ermənistanın işğal dövründə və postmüharibə dövründə ölkəmizə qarşı törətdiyi insan hüquq pozuntularına da toxunub.

Açılış mərasimində daha sonra Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Rzayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri  Orxan Məmmədov çıxış ediblər.

Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Konfrans həm də onunla əlamətdar olub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası, habelə Mərakeş Krallığının Ombudsmanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

İmzalanma mərasimindən sonra konfransın sessiyaları öz işinə başlayıb.

“Ombudsmanlar və milli insan hüquqları təsisatlarının iqtisadi və sosial hüquqların müdafiəsində rolu” adlı I sessiyada BMT və beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə moderatorluq edib. Sessiyanın məruzəçiləri qismində Türkiyə Respublikasının Baş Ombudsmanı Şeref Malkoç, Pakistanın Federal Ombudsmanı Ejaz Ahmad Qureşi, Mərakeş Krallığının Ombudsmanı Mohamed Benalilou çıxış ediblər. Çin Milli Nəzarət Komissiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru Cai Vei isə videokonfrans formatında fikirlərini paylaşıb.

“BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrasına dair mövcud təşəbbüs, imkan və problemlər” adlı II sessiyada Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc moderator olub. Sessiyada məruzəçi qismində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin İnzibati Məsləhət İdarəsinin direktoru Vatanabe Hiroyuki, Moldovanın Xalq Müdafiəçisi Çeslav Paniko çıxış ediblər.

Ombudsmanlar və milli insan hüquqları təsisatlarının biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarına dair şikayətlərin monitorinqi, qəbulu və pis idarəetmə ilə mübarizədə roluna dair III sessiyada BMT İnkişaf Proqramının Qanunun Aliliyi, Təhlükəsizlik və İnsan Hüquqları üzrə Siyasi Eksperti Ainura Bekkoenova moderatorluq edib. Sessiyada İndoneziya Respublikasının Ombudsman Ofisinin rəhbəri Mokhammad Najih, İranın Ümumi Təftiş Təşkilatının vitse-prezidenti Ahmad Rahmanian, Özbəkistan Ali Məclisinin İnsan Hüquqları üzrə Səlahiyyətli Şəxsi (Ombudsman) Feruza Eşmatova və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun İdarə Heyətinin üzvü Dilek Ertürk çıxış ediblər.

Sessiyalardan sonra mövzularla bağlı suallar səsləndirilib, müzakirə aparılıb.

 

20 oktyabr

Bakı Beynəlxalq Konfransının 2-ci günü sessiyalarla davam etdirilib.

“Müvafiq insan hüquqları alətləri və standartlarının icrasına hesabat vermək və nəzarət etmək üçün beynəlxalq və regional insan hüquqları mexanizmləri ilə qarşılıqlı əlaqə”  mövzusuna həsr edilmiş IV sessiyada Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç moderatorluq edib.

Sessiyada Azərbaycan Respublikasının Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Hacı Ali Açıkgül, BMT və beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə mövzu üzrə məruzələrlə çıxış ediblər. Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə və Mülki Hüquqlar Komissiyasının sədri Jeon Hyun-Heui isə məruzəsini videoformatda təqdim edib.

Konfransın sonuncu – V sessiyası “Milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyəti təşkilatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda olub. BMT eksperti A.Şahidzadənin moderatorluq etdiyi sessiyada Qazaxıstanın İnsan Hüquqları üzrə Müvəkkili Elvira Azimova, Milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu üzrə ekspert Jernej Letnar, biznes və insan hüquqları üzrə mütəxəssis Sinişa Milatoviç məruzələrlə çıxış ediblər.

Hər bir sessiyadan sonra keçirilən sual-cavab hissəsində mövzular ətrafında müzakirə aparılıb. Çıxışlar zamanı beynəlxalq səviyyədə insan hüquqları  pozuntularına reaksiya verilməsinin vacibliyi vurğulanıb.

Konfransın sessiyaları bitdikdən sonra Ombudsman təsisatının 20 illiyinə həsr edilmiş marka istifadəyə verilib. Yeni poçt markasının nümunəsi Azərbaycan Ombudsmanı Səbinə Əliyeva tərəfindən bir sıra konfrans iştirakçılarına təqdim olunub.

Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının yekununda Birgə Bəyannamə qəbul edilib.

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının Birgə Bəyannaməsi

 

21 oktyabr

Konfrans bitdikdən sonra oktyabrın 21-də Bakı Beynəlxalq Konfransında iştirak edən qonaqlar Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə sosial proqram çərçivəsində işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.

Səfər çərçivəsində Ermənistanın işğal dövründə Ağdamda kütləvi surətdə dağıtdığı tarixi-mədəni abidələrə, yaşayış məntəqələrinə, vandalizm aktlarına məruz qalmış məscidlərə baxış keçirilib. 

Ombudsman qonaqlara Ermənistan tərəfinin törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. Ağdamda səfərdə olan xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının nümayəndələri və beynəlxalq ekspertlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə dağıdılmış İmarət kompleksini, Cümə məscidini, Dram teatrının binasını, Şəhidlər xiyabanını ziyarət ediblər.

Xarici qonaqlar Qafqazın Xirosiması sayılan Ağdamda gördükləri mənzərədən, tarixi, sosial və mədəni infrastrukturun tamamilə dağıdılması, ətraf mühitin məhv edilməsi, ərazilərin minalarla çirkləndirilməsi ilə törədilən müharibə cinayətlərindən dəhşətə gəldiklərini bildiriblər. BMT-nin beynəlxalq insan hüquqları üzrə eksperti Afərin Şahidzadə 30 illik işğal dövründə Ağdamda tarixdə görünməyən vəhşiliklərin, cinayət əməllərinin törədilməsinin müharibə cinayəti olduğunu qeyd edib.

Ölkəmizdə səfərdə olan xarici qonaqlar daha sonra Tərtər şəhərinə səfər ediblər. Qonaqlara Tərtər rayonunda mülki əhalinin sıx yaşadığı ərazilərin davamlı şəkildə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumuna məruz qalması, insan tələfatı və dağıntılar barədə geniş məlumatlar təqdim olunub.