Xarici ölkələrdə fəaliyyət göstərən Ombudsman İnstitutları ilə əməkdaşlıq

Müvəkkilin fəaliyyəti dövründə xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları və beynəlxalq insan hüquqları təşkilatları ilə ümumilikdə iyirmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. Türkiyə, Polşa, Rusiya Federasiyası, onun subyektləri olan Moskva, Sverdlovsk, Saratov, Orenburq, Kaluqa vilayətləri, Dağıstan Respublikası, Tatarıstan Respublikası, Ukrayna, Özbəkistan, Gürcüstan, Moldova, Pakistan, Bolqarıstan, Mərakeş bu ölkələr sırasında yer tutur. Bundan başqa, BMT-nin Azərbaycandakı Nümayəndəliyi, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) ilə memorandumlar imzalanmışdır.

Sazişlərin əsas məqsədi təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində və müqavilənin tərəfi olan ölkənin və ərazi vahidinin vətəndaşlarının ölkəmizdə hüquq və azadlıqlarının pozulması halları barəsində bir-birini vaxtında məlumatlandırması və onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərilməsidir. Bu sənədlərə əsasən Ombudsman təsisatları insan hüquqlarının bərpası sahəsində işçilərinin təkmilləşdirilməsi məqsədilə vaxtaşırı təcrübə və fikir mübadiləsi  aparırlar.

İmzalanmış müqavilələrə əsasən, təsisatın əməkdaşları mütəmadi olaraq adı çəkilən ölkələrin milli insan hüquqları təsisatlarına ezam olunur, eyni zamanda həmin təsisatların nümayəndələri də ölkəmizə gələrək Müvəkkil Aparatında təcrübə keçirlər. Ölkə Ombudsmanının təşəbbüsü ilə hər il Bakıda keçirilən ombudsmanların beynəlxalq konfransları və digər tədbirlərdə xarici ombudsmanların, o cümlədən ikitərəfli saziş imzalanmış ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafında mühüm amil olmuşdur.