Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın UNICEF-in İcraçı Direktoru Katerina Rasselə müraciəti
UNICEF-in İrəvan ofisinin rəhbərinin öz mandat və səlahiyyətlərini aşaraq Azərbaycan Respublikasının suveren ərazisi ilə bağlı səsləndirdiyi 27 dekabr 2022-ci il tarixli bəyanatı təəssüf doğurur. Bəyanatda qeyd olunan fikirlər qərəzli xarakter daşımaqla bərabər, UNICEF-in nüfuzuna da xələl gətirir.
Belə ki, bəyanatda “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyi, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırması” kimi fikirlər həqiqəti əks etdirmir.
Sizə də məlum olduğu kimi, 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan uşaqlarının BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında təsbit edilmiş hüquqları, o cümlədən yaşamaq hüququ kobud surətdə pozulmuşdur.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşağın öldürülməsi, habelə Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlovun, 2017-ci ildə Füzuli rayonunda 2 yaşı tamam olmamış Zəhra Quliyevanın nənəsi ilə birlikdə qətlə yetirilməsinin, Tovuz rayonunda Ermənistan tərəfindən uşaq oyuncağına quraşdırılaraq çaya buraxılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyevanın həlak olması uşaqların Ermənistanın törətdiyi müharibə cinayətlərinin qurbanına çevrilməsinin bariz nümunələrindəndir.
Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüşvə bugünədək taleləri barədə məlumat olmayan 4000-ə yaxın azərbaycanlı arasında uşaqlarda çoxluq təşkil etmişdir.
Ermənistan dəfələrlə 1949-cu il Cenevrə Konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla bir çox beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdur.
Habelə mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil və səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı, intensiv şəkildə atəş açılması uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.
2020-ci ildə Vətən müharibəsi (II Qarabağ müharibəsi) zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bir sıra şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan, uzaqmənzilli raketlərdən atəşə tutması nəticəsində 12 uşaq həlak olmuş, 67 uşaq yaralanmış, bir çox uşaq isə valideynlərini itirmişdir.
Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın sadaladığımız kobud insan hüquqları pozuntuları ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən UNICEF-ə dəfələrlə müraciətlər, bəyanatlar ünvanlamağımıza baxmayaraq, bu kimi hüquq pozuntularının qarşısının alınmasına yönəlik hər hansı bir çağırış və ya bəyanat verilməmiş, baş verən cinayətlər susqunluqla qarşılanmış, ikili standartlar nümayiş etdirilmişdir.
Bir daha bəyan etmək istərdim ki, Azərbaycanda hər bir kəsin, o cümlədən hər bir uşağın milli, dini, irqi və digər əlamətinə görə ayrı-seçkiliyə yol vermədən hüquqlarına hörmət bəslənilir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşaması təmin edilir.
Bir daha xatırlatmaq istəyirik ki, Xankəndi - Laçın yolu ətrafında keçirilən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər, o cümlədən uşaqlar üçün zəruri malların təminatına və onlara tibbi xidmətlərin göstərilməsinə maneələr yoxdur.
Azərbaycan Ombudsmanı olaraq hər hansı zəruri ehtiyaclar yaranarsa, Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlarımıza kömək göstərilməsinə hazır olduğumuzu bir daha bəyan etmək istərdim.
Qeyd edilənləri nəzərə alaraq, UNICEF-i Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, bitərəf və qərəzsiz mövqe nümayiş etdirməyə çağırır, insan hüquqlarının müdafiəsi sahəsində birgə əməkdaşlığa dəvət edirəm.
Hörmətlə,
Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
30 dekabr 2022-ci il