Ombudsman Səbinə Əliyeva Mərakeş Krallığı Parlamentində görüşlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva səfəri çərçivəsində Mərakeş Krallığı Parlamenti Nümayəndələr və Müşavirlər Palatalarının sədrləri ilə görüşüb.

İlk görüş Müşavirlər Palatasının sədri Ennam Miyara ilə keçirilib. Görüşdə sədr palatanın inkişaf tarixi, insan hüquqlarının müdafiəsi istiqamətində yerli Ombudsman təsisatı və bu sahədə fəaliyyət göstərən digər qurumlarla əməkdaşlıq barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqları sahəsində həyata keçirilən islahatlar, Ombudsmanın səlahiyyətləri, illik məruzələrdə verilən təkliflər haqqında danışıb.

Ombudsman Səbinə Əliyeva Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, müharibə cinayətləri barədə geniş məlumat verərək, itkin düşmüş soydaşlarımızla bağlı məlumatların təqdim edilməməsi faktını diqqətə çatdırıb, beynəlxalq hüquq normalarına zidd olan bu yanaşmaların qətiyyətlə pislənməli olduğunu vurğulayıb.

O, səfər nəticəsində Mərakeş Ombudsmanı ilə həm ikitərəfli, həm də üzv olduqları təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etməsi üçün zəmin yarandığını qeyd edib.

Növbəti görüş Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə keçirilib. Palata sədri çıxışında ölkələr arasında əlaqələrin məmnunluq doğurduğunu bildirib, habelə sədrlik etdiyi Palatanın fəaliyyəti və görülən işlərlə bağlı danışıb.

Daha sonra Səbinə Əliyeva çıxış edərək, Azərbaycan Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verib. O, İkinci Qarabağ müharibəsində qazanılmış zəfər nəticəsində tarixi ədalətin bərpa olunduğunu, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Ermənistanın hərbi təcavüzündən azad edildiyini Palata sədrinin diqqətinə çatdırıb.

Qeyd olunub ki, azad edilmiş ərazilərimizdə mina təhlükəsi hələ də qalır, yaşayış evləri tamamilə dağıdılmış, ekosid cinayətləri törədilmişdir ki, bu da bir milyona yaxın məcburi köçkün əhalinin öz yurdlarına qayıtmasına ciddi maneələrdəndir.

Müvəkkil müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının kobudcasına pozulması, mülki əhalinin və mülki obyektlərin hərbi hücumlara məruz qalması faktları, eləcə də işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemləri ilə bağlı beynəlxalq təşkilatlara ünvanlandığı bəyanat və hesabatların nüsxələrini Palata sədrlərinə təqdim edib.

Yekunda əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb, görüşlərin əhəmiyyətindən məmnunluq ifadə edilib.