İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.
Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub.
İƏT MDİHK-nın nümayəndə heyəti və Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli ilə görüşüblər.
Görüşdə nümayəndə heyətinin işğaldan azad edilən, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış ərazilərdə həyata keçirəcəyi birgə faktaraşdırıcı missiya, habelə tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin ölkəmizdə faktaraşdırıcı missiyası çərçivəsində rəsmi görüşləri davam edir.