Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində hər iki valideynini itirmiş uşaqlara Müvəkkilin təşəbbüsü ilə psixoloji yardım göstərilib

          

Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində mülki evlərə, tarixi-mədəni abidələrinə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəyib, şəhər sakinləri arasında çoxsaylı ölənlər və yaralananlar olub.

Qeyd edilən hücumlar zamanı zərər çəkmiş şəhər sakinlərinin və onların  yaxınlarının psixoloji sağlamlığına da ağır zərbə dəyib, o cümlədən dörd nəfər uşaq hər iki valideynini itirib. Bu fakt insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də “Uşaq hüquqları” haqqında BMT Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Ermənistanın hücumlarından zərər çəkmiş uşaqların psixoloji sağlamlıqlarının bərpa edilməsinin zəruriliyi nəzərə alınaraq Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü və “Briut” Tibb Mərkəzinin və “Abdiibrahim və Egis” farmakoloji şirkətinin dəstəyi ilə Gəncə şəhərinə hücum nəticəsində hər iki valideynini itirmiş uşaqlara və onların yaxınlarına psixioloji yardım həyata keçirilib. Əsas məqsəd zərər çəkmiş uşaqların post-tramvatik stress mərhələsindəki psixoloji sağlamlıq durumlarının düzəldilməsinə yardım etmək və onlara normal həyata adaptasiya olunma istiqamətində dəstək verməkdən ibarət olub.

Bu məqsədlə “Briut” Tibb Mərkəzinin rəhbəri Zeynəbxanım Səmədova, həmin mərkəzin mütəxəssisi, klinik psixoloqu Təhmasib Cavadzadə və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən hər iki valideyinlərini itirmiş uşaqlar-2 yaşlı Əliyeva Nilay Adil qızı, 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı, 16 yaşlı Əliyeva Sevil Anar qızı və 8 yaşlı Əliyev Hüseyin Anar oğlu ilə, həmçinin onların yaxınları ilə görüşlər keçirilib, qeyd edilən şəxslərə mütəxəssislər tərəfindən ixtisaslaşmış psixoloji yardım göstərilib, zəruri dərman preparatları təyin olunaraq verilib.