Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının regionlarda keçirdiyi yaxşı idarəçilik üzrə silsilə maarifləndirmə tədbirlərinə yekun vurulub

29-11-2021 203 dəfə oxunub
Ombudsman Aparatının regionlarda keçirdiyi yaxşı idarəçilik üzrə silsilə maarifləndirmə tədbirlərinə yekun vurulub

Ombudsman Aparatı tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı üzrə “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi”nə dair silsilə tədbirlərə 23-25 noyabr tarixlərində Gəncə şəhərində keçirilmiş növbəti təlimlə yekun vurulub.

Tədbirdə təlimçi-ekspert qismində çıxış edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova yaxşı idarəçilik standartları, Ombudsmanın mandatı və onun yaxşı idarəçiliyə təsir mexanizmləri, informasiya əldə etmək hüququnun təmin edilməsi və “Biznes və insan hüquqları” sahəsindəki fəaliyyətləri, şikayətlərin araşdırılması və qanunvericiliklə müəyyən olunmuş hallarda inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətləri barədə məlumat verib. Eləcə də, praktiki misallar təhlil olunub, interaktiv müzakirələr aparılıb.

Təlimdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əlaqələrin gücləndirilməsinin vacibliyi və perspektivləri, eyni zamanda Ombudsman təsisatının bu prosesdəki rolunun əhəmiyyəti barədə danışılıb, tədbir iştirakçılarının təmsil etdikləri qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.