Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Fərqli Fərdlər” Beynəlxalq Konqresinin 5-ci yubiley mərasimində iştirak edib

11-03-2023 174 dəfə oxunub
Ombudsman “Fərqli Fərdlər” Beynəlxalq Konqresinin 5-ci yubiley   mərasimində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş “Fərqli Fərdlər” Beynəlxalq Konqresinin 5-ci yubiley mərasimində fəxri qonaq qismində iştirak edib.

Ombudsman çıxışı zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Əhalinin bütün həssas qruplarının hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayan Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə danışıb. İnklüziv təhsilin təşkili üçün maliyyə və insan resurslarının artırılması, uşaqların erkən yaşlarda inklüziv təhsilə hazırlanması, onların valideynlərinin bununla bağlı maarifləndirilməsi və peşəkar mütəxəssislərin hazırlanmasının zəruriliyi qeyd edilib. Autizmli şəxslərin sosial inklüziyası, autizm sahəsində ictimaiyyətin məlumatlılığının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

S.Əliyeva əqli inkişafında problem olan uşaqların erkən müəyyən edilməsinin və onlara vaxtlı-vaxtında kömək göstərilməsinin vacibliyini qeyd edib.

Sonda Ombudsman hər kəsi xüsusi qayğıya ehtiyacı olan insanların hüquqlarının səmərəli şəkildə təmininə  yaxından dəstək verməyə çağırıb.