Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı şəhəri Nadir Əliyev adına 282 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər və pedaqoji heyət üçün “Uşaq hüquqlarının müdafiəsi: ayrı-seçkilikdən müdafiə və bərabərliyin təşviqi” mövzusunda təlim keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, uşaqların hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti, şagirdlər arasında bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin təşviqi, ayrı-seçkilik hallarının qarşısının alınması, hüquq pozuntularının mahiyyəti və onun nəticələri istiqamətində geniş məlumat verib.
Bununla yanaşı, təlim zamanı ayrı-seçkilik hallarına dair nümunələr əsasında müzakirələr aparılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, uşaq hüquqlarının qorunması, bərabərliyin təşviqi, eləcə də Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, təhsil müəssisəsinə uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsman Aparatı tərəfindən hazırlanan maarifləndirici nəşrlər təqdim edilib.