Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı Yevlax şəhərində növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və şöbənin Təhlil və monitorinqlər sektorunun müdiri Vəli Quliyev çıxış edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları, informasiya sahiblərinin vəzifələri, informasiya sorğularına baxılma qaydaları, cavablandırma müddətləri, habelə qanunvericiliyin tələblərinin praktik tətbiqi məsələləri barədə ətraflı məlumat veriblər.
Həmçinin Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi istiqamətində həyata keçirdiyi geniş fəaliyyət və maarifləndirmə təşəbbüsləri diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzuya dair hazırlanmış videoçarx nümayiş olunub, informasiya əldə etmək hüququnun təşviqinə xidmət edən maarifləndirici çap materialları, metodiki vəsaitlər iştirakçılara təqdim olunub və informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə dövlət qurumları ilə Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.