Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Hüquqlarınla Parla!” layihəsi çərçivəsində həssas kateqoriyadan olan uşaqlar üçün maarifləndirici təlim təşkil olunub

16-12-2025 379 dəfə oxunub
“Hüquqlarınla Parla!” layihəsi çərçivəsində həssas kateqoriyadan olan uşaqlar üçün maarifləndirici təlim təşkil olunub

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə icra edilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində həssas kateqoriyadan olan ümumilikdə 96 uşaq üçün “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində maarifləndirici təlim təşkil olunub.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının əsas prinsipləri, mövcud müdafiə mexanizmləri və onlara çıxış imkanları, zorakılıq, xüsusilə kiberzorakılıq və onun digər formaları barədə iştirakçılara məlumat verib. Çıxış zamanı erkən evlilik, məcburi əmək və digər hüquq pozuntularının mahiyyəti və hüquqi nəticələri, həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri, həyata keçirdiyi fəaliyyət, Müvəkkilə müraciət imkanları barədə uşaqlar geniş məlumatlandırılıb.

Bir sıra dövlət və əlaqədar qurumların nümayəndələrinin təlimçi qismində çıxış etdiyi interaktiv təlimin sonunda uşaqların bilikləri qiymətləndirilib. Nəticələrə uyğun olaraq iştirakçıların sertifikatla mükafatlandırılması nəzərdə tutulur.