Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman COP29 çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları üzrə panel müzakirədə iştirak edib

20-11-2024 239 dəfə oxunub
Ombudsman COP29 çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları üzrə panel müzakirədə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva COP29 çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsi tərəfindən təşkil olunmuş iqlim dəyişmələri və insan hüquqlarına dair panel müzakirəsinin açılış sessiyasında iştirak edib.

Qətərin Ətraf Mühit və İqlim Dəyişmələri Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələrinin, müvafiq sahədə ixtisaslaşmış ekspertlərin də iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil tədbirin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul olunmasının 35-ci ildönümünə təsadüf etdiyini bildirib, uşaq hüquqlarının müdafiəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. 

Səbinə Əliyeva Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə uşaq hüquqlarının müdafiəsi və digər sahələrdə mandatının genişləndirildiyini, həmin dəyişikliklərə müvafiq olaraq təsisatda monitorinq qruplarının yaradıldığını qeyd edib. Həmçinin hər il olduğu kimi, bu il də Ombudsman tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyi, bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonra Müvəkkil həssas əhali qruplarının iqlim dəyişmələri nəticəsində çətinliklərlə üzləşdiyini bildirərək, təbii fəlakətlərin insan hüquqlarının pozulması ilə bağlı yeni risklər yaratdığını qeyd edib.

Səbinə Əliyeva sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişmələrinə qarşı həssas olan qrupların hüquqlarının qorunması sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının mühüm rola malik olduğunu qeyd edib.

Ombudsman iqlim siyasətləri və insan hüquqları arasındakı əlaqə ilə bağlı qlobal miqyasda birgə müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb, bu müzakirələrin iqlim dəyişmələrinin insan hüquqları ilə əlaqəli müxtəlif aspektlərini dərindən araşdırmağa və bu mövzuda həmrəyliyi gücləndirməyə imkan verəcəyini diqqətə çatdırıb.

Səbinə Əliyeva hər kəsi iqlim dəyişmələri və onun təsirlərinə qarşı mübarizə məsələsini həm də sosial ədalət, bərabərlik və insan hüquqlarının qorunması baxımından dəyərləndirməyə, milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı birgə və davamlı əməkdaşlıq əlaqələrini gücləndirməyə çağırıb.

Ombudsman, həmçinin təsisat tərəfindən COP29 zamanı həyata keçirilən fəaliyyətdən də danışıb, “İqlim dəyişikliyi və insan hüquqları: Ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun, “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirənin təşkil edildiyini, həmin tədbirlərdə iqlim dəyişmələrinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları üzrə fikir mübadilələrinin aparıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.