Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Mərakeşdə İƏT OA-nın İdarə Heyətinin 11-ci iclasında çıxış edib

25-06-2024 1578 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Mərakeşdə İƏT OA-nın İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Mərakeşdə keçirilən 11-ci iclasında iştirak edib.

Assosiasiyaya üzv ölkələrin ombudsmanlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil hazırda dünyada mövcud olan iqlim problemlərinin insan hüquqlarının gələcəyi ilə bağlı bir sıra narahatlıqlara əsas yaratdığını, ekoloji hüquqların təşviqi ilə əlaqədar beynəlxalq əməkdaşlığın genişləndirilməsinin mühüm önəm kəsb etdiyini bildirib.

Ombudsman bu problemlərin qlobal ictimaiyyətin diqqətinə çatdırılmasında və səmərəli həll yollarının tapılmasında milli insan hüquqları təsisatlarının vacib rol oynadığını qeyd edib.

Silahlı münaqişələrin ekologiyaya mənfi təsirlərindən danışan Müvəkkil Azərbaycanın üzləşdiyi mina problemindən bəhs edib, azad olunmuş ərazilərdə otuz ilə yaxın işğal müddətində basdırılmış minaların insan həyatına və sağlamlığına təhdid törətdiyini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına ciddi maneə yaratdığını, eləcə də dağılmış infrastrukturun və ekosistemin bərpasının xeyli maliyyə vəsaiti tələb etdiyini diqqətə çatdırıb.

Ölkəmizdə ekoloji problemlərlə bağlı mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Ombudsman ətraf mühitin mühafizəsi ilə bağlı bir çox dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və digər sənədlərin təsdiq edildiyini və icra olunduğunu qeyd edib.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən S.Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini söyləyib. Müvəkkil COP29 çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları mövzusunda Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun keçiriləcəyini söyləyib və Assosiasiya üzvlərini bu tədbirə dəvət edib.