Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində olub

05-04-2024 622 dəfə oxunub
Ombudsman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman və Aparatın nümayəndələri hərbi hissənin qərargahına, əsgər yataqxanasına, tibb məntəqəsinə, yeməkxanaya, ərzaq və əşya anbarlarına baxış keçiriblər.

Müvəkkil qərargahda hərbi hissənin Şərəf kitabına ürək sözlərini yazıb, eyni zamanda, Daxili Qoşunların Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçularının xatirəsinə həsr edilmiş guşələrlə tanış olub.

Şəxsi heyət üçün yaradılmış mənzil-məişət şəraiti, hərbi qulluqçuların əşya və ərzaq təminatı, onların yaxınları ilə əlaqə saxlamaları üçün quraşdırılmış taksafon aparatlarının olması müsbət qiymətləndirilib.

Ombudsman hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş keçirib. Hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, şəxsi heyətə Müvəkkilə müraciət formaları, həmçinin 916 Çağrı Mərkəzi barədə məlumat verilib və müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissə rəhbərliyinə təqdim olunub.

Görüş zamanı Müvəkkil hərbi hissə komandirinə xatirə hədiyyəsi və hərbi hissənin kitabxanası üçün müvafiq kitablar təqdim edib.

Daha sonra Ombudsman Daxili Qoşunların rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.