Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb

01-03-2024 888 dəfə oxunub
Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb

Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023/2024-cü tədris ili üzrə 3 universitetin tələbə və magistrantlarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb. Birinci mərhələdə təcrübəyə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və Tibbi hüquq ixtisaslaşmaları üzrə magistrantları, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq, həmçinin Tərcümə fakültələrinin, Qərbi Kaspi Universitetinin Politologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb olunublar.

Təcrübənin ilk günündə Ombudsman Səbinə Əliyeva tələbə və magistrantlarla görüşərək, təsisatda gənclərin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib. Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli və qlobal çağırışlara cavab verəcək kadr kimi formalaşdırılmasına xidmət edən bu təcrübədən faydalanmağı tövsiyə edilib.

Görüşdə, həmçinin təcrübəçilərə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu, o cümlədən digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tanış olmağın əhəmiyyəti vurğulanıb.

Daha sonra ölkəmizdə insan hüquqlarının təmini istiqamətində həyata keçirilmiş islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları, Ombudsman Aparatının strukturu və digər məsələlər barədə Aparatın məsul əməkdaşları tərəfindən məlumat verilib. Müvəkkilin mandatının genişləndirildiyi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətinin təsbit olunduğu, təsisatın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar digər addımların atıldığı diqqətə çatdırılıb.

Sonda təcrübə prosesinin təşkili, təcrübə qaydaları və qiymətləndirilmə meyarları ilə bağlı ümumi məlumat verilib, tələbə və magistrantları maraqlandıran suallar cavablandırılıb.