Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü”nə həsr olunmuş tədbirdə iştirak edib

16-03-2018 202 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü”nə həsr olunmuş tədbirdə iştirak edib

15 mart 2018-ci il tarixdə Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının və QHT-lərin, sahibkarlıq subyektlərinin və mətbuat nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.

Dövlət Xidmətinin rəisi Zahid İsayev tədbiri giriş sözü ilə açaraq istehlakçıların hüquqlarının etibarlı şəkildə təmin olunması və bu sahədə mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası istiqamətində aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə görülən işlər, istehlakçıların maarifləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib, istehlak bazarında istehlakçı ilə satıcı və xidmət göstərənlər arasındakı münasibətlərin qanunauyğun şəkildə tənzimlənməsi üçün təbliğat-təşviqat işlərinin əhəmiyyətini vurğulayıb.

Dəyirmi masada “Dövlət, sahibkar və istehlakçı münasibətlərində qarışılıqlı etimad: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Ombudsman Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov hər bir insanın hansı sosial qrupa mənsub olmasından asılı olmayaraq gündəlik həyatında bu və ya digər formada istehlakçı qismində çıxış etdiyini, daim öz yaşayışını təmin etmək üçün müxtəlif mallar aldığını və xidmətlərdən istifadə etdiyini, bu səbəbdən istehlak prosesinin istənilən şəxsin gündəlik həyatının ayrılmaz hissəsi olduğunu qeyd edib.

O, çıxışında istehlakçıların və ümumilikdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında və daha mütəşəkkil həyata keçirilməsində dövlət proqramlarının, strategiyaların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının, “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nın, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin konstitusion hüquq və azadlıqların təmin olunması, o cümlədən sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, maliyyə-bank xidmətləri istehlakçılarının informasiyaya çıxış imkanlarının genişlənməsi, istehlakçı məmnunluğu indeksinin ölçülməsi ilə dövlət xidmətlərinin keyfiyyətinin daha da artırılması və biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsi, maarifləndirmə işinin gücləndirilməsi kimi mühüm müddəaların əks olunduğunu bildirib.

R.Novruzov sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarının qorunması vəziyyətinin Ombudsman Elmira Süleymanova tərəfindən daim diqqət mərkəzində saxlanıldığı, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələrin verildiyini, aidiyyəti qurumlar qarşısında məsələlər qaldırdığı və qanunamüvafiq tədbirlər görüldüyünü söyləyib, bu sahədə aidiyyəti dövlət qurumları və QHT-lərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb

Bu əməkdaşlığın bariz nümunəsi kimi Müvəkkilin təşəbbüsü ilə yaradılmış Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun fəaliyyəti barədə də məlumat verilib, istehlakçıların hüquqlarının müdafiəsinin Qrupun fəaliyyət istiqamətlərindən biri olduğu qeyd olunub, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim edildiyi diqqətə çatdırıb

R.Novruzov bu istiqamətdə Ombudsmanın təkliflərini səsləndirib, istehlakçıların hüquqları ilə bağlı beynəlxalq sənədlərin implementasiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi, korporativ sosial məsuliyyət sahəsinə diqqətin artırılması, mərkəz və regionlarda, o cümlədən məktəblərdə maarifləndirmə tədbirlərinin keçirilməsi, bu işə gənc könüllülərin də cəlb olunması, habelə konkret mövzular üzrə şəbəkə şəklində qarşılıqlı əməkdaşlığın, ixtisaslaşmış qrupların və müntəzəm monitorinqlərin təşkilinin vacibliyini vurğulayıb.   

Tədbirdə Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdirinin müavini Namiq Zeynalovun, Azad Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azad İstehlakçılar Birliyinin, eləcə də şirkət nümayəndələrinin “İstehlakçı-sahibkar münasibətlərinin qanunvericlikdə əksi və mövcud vəziyyəti”, “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzuları üzrə məruzələri də dinlənilib, antiinhisar siyasəti, istehlakçıların hüquq və mənafelərinin müdafiəsində müasir yanaşma, idxal və istehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət məsələləri, problemlər və həlli perspektivləri, istehlakçıların hüquqlarının qorunmasında ictimai nəzarətin əhəmiyyəti və xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib