Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 17-ci toplantısı keçirilib

24-12-2018 58 dəfə oxunub
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 17-ci toplantısı keçirilib

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti 17-ci toplantısı keçirilib. “Qida təhlükəsizliyi məsələləri biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Respublikasının Qida Təhlükəsizlyi Agentliyinin sədri Qoşqar Təhməzli, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycan üzrə Milli Proqram rəhbəri Sənan Şabanov, aidiyyəti dövlət qurumlarının nümayəndələri, Ombudsman yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri və digər QHT təmsilçiləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Müvəkkil iştirakçıları salamlayıb, toplantının məqsəd və məramı barədə məlumat verib. O, çıxışında bildirib ki, 25-dən çox dövlət qurumu və vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu işçi qrupun fəaliyyəti nəticəsində çoxsaylı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmuş, nəticələrinin monitorinqi aparılmış, birgə təkliflər ümumiləşdirilərək müvafiq dövlət qurumlarına, ictimaiyyətin diqqətinə çatdırılmış, onlardan bəziləri normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, yeni dövlət proqramlarında nəzərə alınmışdır.

Diqqətə çatdırılıb ki, əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi ölkənin iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla, dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi məsələlərdən biridir. Bu sahə milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir və mümkün resursların səfərbər edilməsini, iqtisadi islahatlar strategiyasının işlənib hazırlanmasını, effektiv hüquqi normalarının tətbiqini şərtləndirir. 

Ombudsman çıxışında bildirib ki, təhlükəli qida insanların həyat və sağlamlıqları üçün təhlükəli, ölkələrin səhiyyə sisteminə əlavə yük olmaqla yanaşı iqtisadi inkişaf üçün ciddi maneələr yaradır, həmçinin turizm və ticarət sahələrinə də əhəmiyyətli ziyan vurur. Bu baxımdan BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində ərzaq təhlükəsizliyinin təmini, dayanıqlı kənd təsərrüfatının təşviqi, yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasının, təmiz su və sanitariyanın təmini məsələləri ayrıca məqsədlər kimi əks etdirilmişdir.

  Müvəkkil qida təhlükəsizliyinin və bu sahədə hüququların təmin olunması məqsədi ilə ictimai nəzarətin gücləndirilməsinin, aidiyyti dövlət qurumları, QHT və vətəndaş cəmiyyətləri arasında şəbəkə şəklində sıx əməkdaşlağın, operativ koordinasiyanın qurulmasının, Ombudsmanın Regional mərkəzlərinin imkanlarından istifadə etməklə bölgələrdə birgə monitoringlərin aparılmasının, istehlakçıların iştirakı ilə geniş marifləndirmə tədbirlərinin həyata keçirilmsinin və çap materiallarının hazırlanmasının vacibliyini qeyd etmişdir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu aktual mövzu üzrə tədbirin təşkilinə və dəvətə görə Müvəkkilə minnətdarlığını bildirib, qeyd olunan sahə üzrə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasının zəruriliyini diqqətə çatdırıb.

Agentlik sədri çıxışında ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış və cari ilin yanvar ayından fəaliyyətə başlamış Agentliyin səlahiyyətləri, funksiyaları, görülmüş geniş işlər barədə məlumat verib. O bildirib ki, cari ilin ilk altı ayı ərzində qurumun maddi texniki, normativ bazasının yaradılması prosesləri başa çatdırılmış və iyul ayından etibarən Agentlik Azərbaycan Respublikası ərazisində qida təhlükəsizliyi sahəsində dövlət siyasətini həyata keçirilməsi, qida məhsulları, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini, qida məhsullarının idxal və ixrac proseslərinə, məhsulların sertifikatlaşması, qida zəncirinin bütün mərhələlərində risklərin qiymətləndirilməsi və idarə olunması, bu sahədə institusional dəyişikliklərin və maarifləndirmə işlərinin icrası üzrə fəaliyyətə başlamışdır. 

Sədr eyni zamanda Agentliyin nəzdində müasir avadanlıqlarla təchiz olunmuş və bölgədə analoqu olmayan Qida Təhlükəsizliyi İnstitutunun təsis edildiyini, bu qurum tərəfindən qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparıldığını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirildiyini, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlandığını, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərildiyini qeyd edib. 

Q.Təhməzli eyni zamanda fəaliyyətləri ilə bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Dəyirmi masada qida təhlükəsizliyi məsələlərinin insan hüquqlarına təsiri, o cümlədən qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələlərində keyfiyyət və təhlükəsizlik standartlarına, sanitar-gigiyenik normalara riayət olunması, insan səhhətində zərərli qida məhsullarının müəyyən edilməsi istiqamətində yoxlama-nəzarət fəaliyyətinin gücləndirilməsi, sahibkarlarla və əhali ilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qeyd olunan sahə üzrə mövcud normaların təkmilləşdirilməsi və bu sahə üzrə aidiyyəti dövlət qurumlarının, QHT-lərin fəaliyyətinin səmərəli əlaqələndirilməsi üzrə fikir mübadiləsi aparılmışdır. 

Müzakirələr zamanı Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin rəhbəri Pərvin Məmmədova və digər iştirakçılar fikir və mülahizələrini bildiriblər.

İştirakçıların çoxsaylı sualları cavablandırılıb.