Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sosial xidmət müəssisələrindəki əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

13-04-2020 193 dəfə oxunub
Sosial xidmət müəssisələrindəki əlilliyi olan şəxslərin və ahılların  hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

Əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin və ahılların sosial müdafiəsi, onlara sosial xidmətlərin göstərilməsi, sosial və peşə-əmək reabilitasiyalarının həyata keçirilməsi məqsədilə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında yaşayır. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) sosial xidmət müəssisələrindəki əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmini məsələsini daim diqqət mərkəzində saxlayır. 

Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizmin, habelə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının icrası çərçivəsində il ərzində əvvəlcədən xəbərdarlıq etmədən sosial xidmət müəssisələrində də planlı və plandankənar olmaqla monitorinq və başçəkmələr həyata keçirilir.

Müvəkkilin iştirakı və tapşırığı ilə keçirilən həmin monitorinq və başçəkmələr zamanı bu qəbildən olan şəxslərə yaradılmış şəraitin müyəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, asudə vaxtın səmərəli təşkili, məlumatlandırma  tədbirləri və bununla bağlı çap materiallarının paylanması, görünən yerlərdə asılması yerində yoxlanılır, olmayan yerlərdə isə təcili təmini məsələləri qaldırılır. 

Bundan əlavə, aparılan fərdi və kollektiv hüquqi maarifləndirici söhbətlərdə əlilliyi olan şəxslərə və ahıllara Ombudsmana poçt, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə də müraciət etmək imkanları izah olunur, eyni zamanda, onlara qarşı hər hansı bir ayrı-seçkilik, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi hüquqpozma hallarının yolverilməzliyi və insan hüquqlarının müdafiəsi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müəssisə rəhbərliyinə, işçi heyətinə lazımi tapşırıqlar və tövsiyələr verilir. 

Ötən dövr ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.

Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi şəraitində sosial xidmət müəssisələrində yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb edir. 

Bununla əlaqədar Ombudsman Səbinə Əliyevanın xüsusi tapşırığı ilə aparatın əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1, 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 1, 2, 3 saylı psixonevroloji sosial xidmət müəssisələrində, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində, Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzində, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının xüsusi karantin rejimi şəraitində təmini vəziyyəti müvafiq qaydada araşdırılaraq öyrənilib və onların məlum infeksiyadan qorunması istiqamətində görülən işlər haqqında əldə olunmuş operativ məlumatlar barədə məruzə edilib. 

Təqdirəlayiq haldır ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən koronavirusla mübarizə tədbirləri çərçivəsində göstərilən təşkilati dəstək nəticəsində bütün sosial xidmət müəssisələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara və sosial təcrid rejiminə əməl olunması təmin edilir. 

Əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin və yoluxma riski yüksək olduğuna görə yaşlı insanların yeni növ koronavirus infeksiyasından qorunması, onların sağlamlığının etibarlı qorunması üçün mütəmadi olaraq bütün sosial xidmət müəssisələrində sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir, virus əleyhinə dezinfeksiya işləri aparılır, bütün sakinlər mütəmadi olaraq müayinələrdən keçirilir, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatlar verilir. 

Qeyd edilməlidir ki, xüsusi karantin rejimi dövründə sosial xidmət müəssisələrində çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb və onlar qurulmuş uzunmüddətli növbəli sistem əsasında fəaliyyət göstərirlər.